×
A
A
A
Sazlamalar

AZƏRTAC-ın Sinxua agentliyinin layihələrinə dəstəyi yüksək qiymətləndirilir

Bakı, 8 iyul, AZƏRTAC
AZƏRTAC Sinxua xəbər agentliyinin reallaşdırdığı "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı layihəsinə dəyərli tövsiyələr verib və onun gerçəkləşməsində fəal iştirak edir.
Bu fikirlər Sinxuanın prezidenti Çay Mincaonun AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova ünvanladığı minnətdarlıq məktubunda yer alıb.
"Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı təşəbbüsünü ilk dəstəkləyən xəbər agentliklərindən biri olan AZƏRTAC-ın dəstəyini yüksək qiymətləndirən Çay Mincao ümidvar olduğunu bildirib ki, Sinxua və AZƏRTAC-ın səyləri ilə dünya mediası bu platformaya öz töhfəsini verəcək.
Məktubda, həmçinin qeyd olunur ki, "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı Platformasının əsas məqsədi tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasında asan və səmərəli kommunikasiya imkanlarının yaradılmasıdır. Bu platforma vasitəsilə ölkələr bir-birinin inkişaf imkanlarından, əməkdaşlıq potensialından bəhrələnmək, iqtisadi və biznes imkanlarını genişləndirməklə bir sıra başqa ölkələrə də iqtisadi inkişafa nail olmaq imkanını yaradacaqlar.
Xatırladaq ki, iyunun 27-də Pekində "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının istifadəyə verilməsi mərasimi keçirilib. AZƏRTAC-ın nümayəndəsinin də iştirak etdiyi mərasimdə və platformanın ilk iclasında "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığının nizamnaməsi qəbul edilib.
AZƏRTAC Sinxuanın bu təşəbbüsünü dəstəkləyən ilk media qurumlarından biri olmaqla yanaşı, platformanın təsisçi-üzv statusuna malikdir. Agentlik bu platforma vasitəsilə beynəlxalq ticarət yollarının və nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycanın iqtisadi inkişafı, irimiqyaslı enerji layihələri, biznes və sərmayə mühiti, Asiya ilə Avropa arasında ən qısa dəmir yolu bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunun da daxil olduğu Transxəzər beynəlxalq nəqliyyat marşrutunun fəaliyyəti, ölkəmizin logistika potensialı, turizm infrastrukturu, xarici ticarəti və iqtisadi qanunvericiliyinə dair xəbərlərini daha geniş auditoriyaya çatdıra biləcək.

Siyasət 2019-07-08 18:40:00