×
A
A
A
Sazlamalar

Ümumdünya İrs Komitəsinin sessiyasında son iki nominasiyaya baxılıb

Bakı, 8 iyul, AZƏRTAC
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən növbəti plenar iclasda UNESKO-nun Ümumdünya İrs Siyahısına təqdim edilən son iki nominasiyaya baxılıb.
AZƏRTAC xəbər verir ki, Yamaykanın su altında qalmış Port Royal şəhəri ilə bağlı nominasiya təkrar müzakirə olunub. XVII əsrdə salınmış şəhərin bir neçə il öncə təbii fəlakət nəticəsində su altında qalmış hissəsinin Ümumdünya İrs Siyahısına salınması təklif edilib.
ICOMOS-un bu barədə hesabatında qeyd edilib ki, Port Royal şəhərinin həm su altında, həm də torpaq üzərində qalan hissələri birləşdirilərək bir nominasiya kimi qarşıdakı sessiyalarda baxılmaq üçün təqdim edilsin.
Müzakirələr zamanı çıxış edən Karib dənizi hövzəsi ölkələrinin nümayəndələri nominasiyanın təxirə salınması ilə bağlı fikirlərini bildiriblər. Yamayka heyəti ICOMOS-un mövqeyi ilə razılaşdığı üçün nominasiya təxirə salınıb.
Sonuncu məsələ Panamanın tarixi rayonu – Amerika qitəsində Sakit okean sahilində Avropa tipli ilk şəhər olan Panama Vyexo şəhərinin xarabalıqları ilə bağı nominasiya idi.
ICOMOS üzv dövlətin bu nominasiyanı hərtərəfli əsaslandırıb növbəti sessiyaların gündəliyinə salınmasını tövsiyə edib. Geniş müzakirə yaranmadığı üçün qərar layihəsi qəbul edilib.
Bununla da Ümumdünya İrs Siyahısı ilə bağlı təqdimatlara baxılması başa çatıb.
Əsas nominasiyalar üzrə müzakirələr bitdikdən sonra işçi qrupların birgə qərarları, siyahıda olan nominasiyalar üzrə xırda düzəlişlərə dair qərarları nəzərdən keçirilib. Tailand və Myanmanın vahid ekoloji sistemindəki Kenq Kraçan meşələri bağlı bir sıra məqamlar iki ölkə arasında və işçi qrupda razılaşdırılaraq müvafiq qərar qəbul edilib. Daha sonra Ümumdünya İrs Siyahısına daxil edilmiş nominasiyaların hüdudları ilə əlaqədar 13 kiçik dəyişiklik və düzəliş qəbul edilib.

Mədəniyyət 2019-07-08 09:10:00