Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çinin Kunmin şəhərində gül sərgisi keçiriləcək

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 12-dən 14-dək Çinin Yunnan əyalətində XX Kunmin beynəlxalq gül sərgisi keçiriləcək.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Yunnan əyalətinin inzibati mərkəzi olan Kunmin şəhərində keçiriləcək sərgidə Çini və daha 13 ölkəni – Niderland, İsrail, Yaponiya, Tailand, Estoniya, Almaniya, Türkiyə, Polşa, ABŞ, İsveç, Böyük Britaniya, Uqanda və Ekvadoru təmsil edən 400-dən çox şirkət iştirak edəcək.
Sərgidəki 1300-dən çox stendin 13 faizi xarici iştirakçıların payına düşür.
Bu il İsrail Dövləti beynəlxalq gül sərgisinin fəxri qonağı kimi iştirak edir. Bildirilir ki, İsrail bu məkanda bir sıra interaktiv tədbirlər keçirəcək, “yaşıl” və səmərəli kənd təsərrüfatı üçün yeni texnologiyalara, gülçülük sahəsində yeni meyillərə xüsusi diqqət yetirəcək.
İsrail və Yunnan əyaləti gülçülük sənayesi sahəsində qarşılıqlı inkişafa, qarşılıqlı sərfəli əməkdaşlığa və mübadiləyə kömək məqsədilə səylərini birləşdirməyə hazırdırlar.
Sərgi çərçivəsində gülçülük məsələlərinə dair yüksək səviyyəli beynəlxalq forum və Çin-İsrail kənd təsərrüfatı layihələrinin təqdimatı kimi tədbirlər planlaşdırılır.
Yunnan əyaləti Çində ən mülayim iqlimli bölgələrdən biridir. Bölgədə gülçülük bazarının uğurla inkişafı da bununla izah edilir. İri gül plantasiyaları, çoxsaylı ixrac brendləri sayəsində bu region gül istehsalı bazasından bazar yönümlü bazaya çevrilib.

Dünya 2019-07-08 12:06:00