×
A
A
A
Sazlamalar

Belarusda Azərbaycan yazıçısının yaradıcılıq gecəsi keçirilib

Bakı, 8 iyul, AZƏRTAC

Belarusun Qrodno vilayətinin Poreçye istirahət mərkəzində Azərbaycan yazıçısı Kamran Nəzirlinin yaradıcılıq gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Belarus Respublikası İnformasiya Nazirliyinin və Belarus Yazıçılar Birliyinin təşkil etdiyi tədbirdə Kamran Nəzirli böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Prezidentinin Sərəncamından, qüdrətli söz ustasının ümumbəşər mədəniyyətinə bəxş etdiyi zəngin mədəni-mənəvi dəyərlərdən, mütəfəkkir şairin dərin poetik fikirlərindən söhbət açıb.
Sonra “Nəsimi 650” adlı təqdimat edilib, habelə “Nəsimi” bədii filmindən fraqmentlər göstərilib.
Rusiya, Ukrayna, Litva, Polşa, Latviya, İsrail, Almaniya və digər ölkələrin nümayəndələri, habelə Belarusun bir qrup yazıçı və şairləri qarşısında çıxış edən Azərbaycan yazıçısı Belarus-Azərbaycan ədəbi əlaqələrindən danışıb. Həmçinin rus və ingilis dillərində çıxan “Когда чайки вьют гнезда və “The Happy Birds”, habelə şair Sona Vəliyevanın tərcüməsində nəşr olunmuş “The Smell Of Snow” kitablarını oxuculara təqdim edib.
Tədbirdə çıxış edən Belarus Yazıçılar Birliyinin Qrodno vilayəti üzrə sədri, tanınmış şair Lyudmila Kebiç, belaruslu yazıçı və şairlərdən Bronislav Yermaşkeviç, Nikolay İvanovski, Lyudmila Şevçenko, Anatoliy Afanasyeviç və Dmitriy Padionçik Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü ərəfəsinə təsadüf edən maraqlı ədəbi görüşdən və azərbaycanlı həmkarları Kamran Nəzirlinin yaradıcılığı ilə yaxından tanış olduqlarından məmnun qaldıqlarını bildiriblər. Qeyd olunub ki, belə görüşlər iki xalqın dostluq və qardaşlığının təzahürüdür.
Sonda Azərbaycan yazıçısı öz kitablarını oxuculara hədiyyə edib.

Mədəniyyət 2019-07-08 12:05:00