×
A
A
A
Sazlamalar

ADA Universitetində Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 8 iyul, AZƏRTAC 

İyulun 8-də ADA Universitetində Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ADA Universiteti və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri Azərbaycanın Xarici İşlər nazirinin müavini, universitetin rektoru, səfir Hafiz Paşayev açıb. O deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti çətin bir tarixi yol keçib. Həmin illərdə diplomatlarımız ölkəmizin tarixində müstəsna rol oynayıblar. Müasir tariximizə baxsaq, artıq 30 ildir ki, Azərbaycan bu diplomatiyanı həyata keçirir. Müasir diplomatiyamızı da həyata keçirmək asan olmayıb.
Hafiz Paşayev deyib ki, ulu öndər Heydər Əliyev ən böyük diplomatımız olaraq, ölkəmizin həyatında müqayisəyəgəlməz rol oynayıb. Azərbaycan diplomatiyası xeyli uğurlara imza atıb. Xarici ölkələrin Azərbaycandakı diplomatik missiyalarının sayı 2004-cü ildə iki dəfə artıb. Bu amil ölkəmizin beynəlxalq əlaqələrinin göstəricisidir.
Konfransda çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan diplomatiyasının bir əsrlik inkişaf yolu, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yeni yaranmış respublikanın tanıdılması istiqamətində atılmış addımlar, Cümhuriyyətin süqutundan sonra sovet dövründə Xarici İşlər Komissarlığının fəaliyyəti və nəhayət, müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi, milli maraqlarımıza əsaslanan dinamik və fəal xarici siyasətimiz barədə danışıb. Nazir ölkəmizin xarici siyasət prioritetlərindən bəhs edib. Bu xüsusda, o, Ermənistan tərəfindən ölkəmizə qarşı davam edən hərbi təcavüzü qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin xarici siyasətimizin ən əsas prioriteti olaraq qaldığını vurğulayıb.
Konfrans çərçivəsində keçirilən “Azərbaycanın xarici siyasəti: XX əsrdə tarixi inkişaf” adlı sessiyada Türkiyənin sabiq Xarici İşlər naziri Hikmət Çətin, ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynolds, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer Azərbaycan diplomatiyası və bu sahədə qazanılan uğurlarla bağlı fikirlərini bildiriblər.
“Müasir Azərbaycan və xarici siyasət prioritetləri” mövzusuna həsr edilən növbəti panel müzakirələrdə Milli Məclisin deputatı Musa Qasımlı, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Avropa Parlamentinin nümayəndəsi Eldar Mamedov və Avropa Siyasət Mərkəzinin nümayəndəsi Amanda Pol çıxış ediblər.

Siyasət 2019-07-08 11:40:00

Video