×
A
A
A
Sazlamalar

Azay Quliyev: ATƏT məkanında təhlükəsizlik, əməkdaşlıq və sülh kimi prinsiplərin dəstəklənməsindən məmnunuq VİDEO

Lüksemburq, 7 iyul, AZƏRTAC

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev Assambleyanın Lüksemburqda keçirilən yekun plenar iclasında çıxış edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü öz çıxışında ATƏT-in Vankuverdən Vladivostoka qədər uzanan məkanında təhlükəsizlik, əməkdaşlıq və sülh kimi əsas prinsip və dəyərlərin Assambleya tərəfindən dəstəklənməsindən məmnunluğunu ifadə edərək deyib: "Bu gün biz bütün bu məkana həmin prinsiplərin ikili standartlar və coğrafi imtiyazlar olmadan tətbiq olunmasının zəruriliyi barədə çağırış edirik. Assambleya bir daha təsdiq etdi ki, təşkilata üzv ölkələr arasındakı münaqişələr dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmalıdır".
Azay Quliyev Assambleya tərəfindən əsas azadlıqların və insan hüquqlarının, xüsusən öz doğma torpaqlarında didərgin salınmış qaçqınların və məcburi köçkünlərin haqlarının dəstəkləndiyini qeyd edib.
Milli Məclisin deputatı İpək Yoluna Dəstək Qrupunun məhsuldar fəaliyyəti barədə məlumat verərək deyib: "Qrup dialoqun inkişafı üçün səmərəli platformadır və biz digər ölkələri də ona qoşulmağa çağırırıq".


Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq

Siyasət 2019-07-07 22:04:00

Video