×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Çin arasında mədəni sahədə əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb

Bakı, 7 iyul, AZƏRTAC
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 7-də tədbirdə iştirak edən Çin Xalq Respublikasının Təhsil nazirinin müavini, UNESKO-da Çinin milli komissiyasının rəhbəri Tien Süecun ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Əbülfəs Qarayev Çinin təqdim etdiyi nominasiyaların Dünya İrsi Siyahısına salınması münasibətilə təbriklərini çatdırıb. O, Çinin Ümumdünya İrs Komitəsinin 44-cü sessiyasına ev sahibliyi etmək istəyini bu ölkənin dünyada mədəni irsin qorunmasına verdiyi dəyərin göstəricisi kimi qiymətləndirib. Nazir UNESKO-nun Ümumdünya İrs Komitəsinin ölkəmizdə keçirilən 43-cü sessiyası çərçivəsində maraqlı fikir mübadilələrinin aparıldığını və bu müzakirələrdə Çin nümayəndə heyətinin də fəal iştirak etdiyini vurğulayıb.
Tien Süecun Azərbaycanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə hazırlaşdığını bildirib. Qeyd edib ki, növbəti sessiyanın Çində keçiriləcəyini nəzərə alaraq, bu sahədə Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm veriləcək.
Görüşdə iki ölkə arasında mədəni sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Mədəniyyət 2019-07-07 13:12:00