×
A
A
A
Sazlamalar

“Spasskaya Başnya” XII Beynəlxalq Hərbi Musiqi festivalında Azərbaycan Ordusu ilk dəfə təmsil olunacaq

Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Ordusu Moskvada keçiriləcək “Spasskaya Başnya” XII Beynəlxalq hərbi musiqi festivalında ilk dəfə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, cari il avqustun 23-dən sentyabrın 1-dək Moskvadakı Qırmızı Meydanda keçiriləcək “Spasskaya Başnya” festivalında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri ilə təmsil olunacaq. Yaradıcı heyət polkovnik Etibar Əliyevin rəhbərliyi ilə festivala qatılacaq.
Tərkibi hər il dəyişilən, dünyanın ən böyük musiqi festivallarından olan “Spasskaya Başnya” Beynəlxalq hərbi musiqi festivalında bu il də izləyicilər maraqlı kollektivlərin çıxışlarını izləyə biləcəklər.
Xatırladaq ki, 1992-ci ilin fevralından fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri Müdafiə Nazirliyinin əsas orkestrlərindən biri sayılır. Orkestrin hərbi dirijoru mayor Fariz Məmmədzadədir.
Festivalın keçirilmə şərtlərinə uyğun olaraq yarışda orkestrlə birlikdə Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupu da çıxış edəcək. Festival zamanı hər komandaya altı dəqiqə vaxt veriləcək. Bu vaxt ərzində orkestrlər təmsil etdikləri ölkənin və digər dünya xalqlarının mahnı və marşlarını ifa edəcəklər. Heyətimiz festivalda Müslüm Maqomayevin “Radio marşı”, “Odlar yurdu Azərbaycan”, Əlimərdan Əliyevin “Bayramlı Azərbaycan”, Üzeyir Hacıbəylinin “Cəngi” musiqilərini ifa edəcək. Həmçinin orkestrin şəhər sakinləri və qonaqlar üçün də bir neçə konsert proqramı təşkil etməsi planlaşdırılır. Şəhərin mərkəzi meydanlarında baş tutacaq həmin konsertlərdə Fikrət Əmirov, Qara Qarayev, Polad Bülbüloğlu, Tofiq Quliyev, Rauf Hacıyev, digər yerli və dünya klassiklərinin əsərləri təqdim ediləcək.

Ordu 2019-07-06 16:37:00