×
A
A
A
Sazlamalar

Yüksəksəviyyəli qarşılıqlı səfərlər Azərbaycan-Monteneqro əlaqələrinin inkişafında xüsusi rol oynayır

Bakı, 6 iyul, AZƏRTAC

Monteneqronun Baş Naziri Duşko Markoviçin iyunun 23-25-də Azərbaycana etdiyi rəsmi səfər iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzinin rəhbəri Seyran Mirzəzadə AZƏRTAC-a açıqlamasında səfərin əhəmiyyəti barədə danışıb.
O deyib ki, səfər zamanı Baş Nazir və onu müşayiət edən nümayəndə heyəti Azərbaycan investorlarını Monteneqroda kənd təsərrüfatı, nəqliyyat və infrastruktur layihələrinə, həmçinin şimal rayonlarının inkişaf layihələrinə investisiya yatırmağa dəvət edib. Bu sahədə Monteneqro hökumətinin və bələdiyyələrinin stimullaşdırıcı proqramları haqqında geniş məlumat verilib.
"İki ölkə arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələri getdikcə genişlənməkdədir. Monteneqronun Azərbaycanda diplomatik nümayəndəliyinin açılışının bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə və inkişafına təkan verəcəyinə ümid edirik. Ölkələrimiz arasında çox yaxşı münasibətlər qurulub. Azərbaycan hər zaman Monteneqro ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Bu gün ölkələrimiz arasında səmərəli əməkdaşlıq mövcuddur. Gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsi yolları araşdırılır", - deyə S.Mirzəzadə bildirib.
Mərkəzin rəhbəri qeyd edib ki, Baş Nazirin rəsmi səfəri çərçivəsində görüşlər, həm birgə komissiyanın ikinci iclası, həm də biznes forum yüksək səviyyədə keçdi və bunun yaxın gələcəkdə uğurlu nəticələri olacaq. Əlaqələrin səviyyəsi nə qədər yüksək olsa da, zaman-zaman bu əlaqələri təhlil etmək, dəyərləndirmək, yeni imkanları araşdırmaq vacibdir. Mərkəz imkanları çərçivəsində iqtisadi əlaqələrin inkişafı üçün əlindən gələni etməyə çalışır. Mərkəzə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təmsilçilik statusu verilib. Həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının Monteneqro, Serbiya, Bosniya və Herseqovina üzrə nümayəndəliyini həyata keçirir. Eyni zamanda, Monteneqronun aidiyyəti dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi, Ticarət Palatası, İnkişaf Layihələri üzrə Katiblik, MİPA ilə işgüzar əlaqələr mövcuddur. “Əminəm ki, birgə səylərimizlə hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək yeni layihələr reallaşdıra biləcəyik", - deyə o bildirib.

Siyasət 2019-07-06 12:04:00