×
A
A
A
Sazlamalar

Yarım ildə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə bir sıra işlər görülüb

Bakı, 5 iyul, AZƏRTAC
Bu ilin ilk yarısında bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində bir sıra işlər görülüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 6 ayda nazirlik tərəfindən elektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpaolunan enerji mənbələrinin xüsusi çəkisinin artırılması, alternativ və bərpaolunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanması məqsədilə Norveçin “DNV GL Energy Advisory GmbH” şirkəti ilə birgə qanunvericilik aktlarının hazırlanmasına başlanılıb. Şirkət tərəfindən “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun, enerjinin satın alınması və bərpaolunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə qoşulması ilə bağlı müqavilələrin layihələrinin ilkin variantları nazirliyə təqdim edilib. Hazırda layihələrin təkmilləşdirilməsi ilə bağlı işlər görülür.
Bununla yanaşı, şirkətlə imzalanmış müqaviləyə uyğun olaraq “Bərpaolunan enerji növləri üzrə Çərçivə Planı”, Azərbaycan üçün “Ümumi Konsepsiya”, qanunvericilik aktlarına dair ölkədə mövcud vəziyyət və beynəlxalq təcrübə barədə hesabatlar hazırlanaraq Energetika Nazirliyinə təqdim edilib.
Hesabat dövründə bərpaolunan enerji mənbələri üzrə hərracların keçirilməsi mexanizmini müəyyən edən qanunvericilik aktlarının, külək və günəş enerjisi layihələrinin texniki iqtisadi əsaslandırmalarının, hərracların dizaynının hazırlanması ilə bağlı dəstəyin əldə edilməsi üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparılıb, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBDR) tərəfindən bu tədbirlərin icrasının maliyyələşdirilməsinə razılıq verilib. Bu məqsədlə tender keçirilərək məsləhətçi şirkət seçilib.
Cari ilin 6 ayında bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik sahələrin seçilməsi və prioritetləşdirilməsi, gələcəkdə hərrac vasitəsilə investisiya qoyuluşuna hazırlanması istiqamətində tədbirlər davam etdirilib. Torpaqların mülkiyyətinin və təyinatının öyrənilməsi, bərpaolunan enerji mənbələri layihələrinin ətraf mühitə təsirin qiymətləndirilməsi, sahələr üzrə infrastrukturun mövcudluğunun öyrənilməsi və formalaşdırılması, eyni zamanda, sahələrin potensialının ölçülməsi və məlumatların toplanılması üçün ölçü müşahidə qurğularının quraşdırılması ilə bağlı müvafiq qurumlarla müzakirələr aparılıb.
Bərpaolunan enerji sahəsinə investisiya qoyuluşunun təşviq edilməsi üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq əlaqələri gücləndirilib. Əməkdaşlıq barədə anlaşma memorandumu və bu tipli sənədlər imzalanmış şirkətlərin sayı 8-ə çatıb (BP, “Masdar”, “Avelar Solar”, “Tekfen”, “Total”, “Equinor”, “Akwa Power”, “Mitsui Co”).
Hesabat dövründə Asiya İnkişaf Bankı (AIB) tərəfindən Energetika Nazirliyinə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilib. Bank tərəfindən layihənin “Üzən günəş enerjisi texnologiyalarının inkişafı” adlı ilkin hesabatı təqdim olunub. Pilot layihəsinin icrası istiqamətində seçilmiş beynəlxalq məsləhətçi şirkət “EQO-NIXUS” şirkəti ilə görüşlər keçirilib və müzakirələr aparılıb. Layihənin icrasına başlanılması üçün nazirlik tərəfindən torpaq sahəsinin ayrılması, suyun səthindən istifadəyə icazə verilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş icazə və rəylərin verilməsi məsələsinə baxılması məqsədilə Nazirlər Kabinetinə müraciət edilib. Hazırda aidiyyəti qurumlarla icazələrin verilməsi ilə bağlı müzakirələr aparılır. Bu məqsədlə işçi qrupunun iclası da keçirilib və pilot layihənin icrasının təmin edilməsi ilə bağlı görüləcək işlər müzakirə edilib.
Energetika Nazirliyi ilə BP şirkəti arasında Azərbaycanda kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı nazirliyin həyata keçirdiyi tədbirlərin dəstəklənməsi məqsədilə imzalanmış Niyyət Məktubu çərçivəsində məsləhətçi qismində seçilmiş “SNC-Lavalin's Atkins” şirkəti tərəfindən layihənin icrasına başlanılıb. Bununla bağlı məlumatlar toplanılıb, sahələrə səfərlər təşkil edilib və görüşlər keçirilib. BP şirkəti və “SNC-Lavalin's Atkins” şirkəti ilə keçirilən növbəti görüşdə tədbirin icrası məsələləri müzakirə edilib və şirkət tərəfindən hazırlanacaq təhlilin ümumi strukturu təqdim olunub.
Təhlil və qiymətləndirmənin nəticələri əsasında, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla stansiyaların fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı tövsiyələrin və yol xəritəsinin hazırlanması nəzərdə tutulur.
Hesabat dövründə EBRD-nin dəstəyi ilə “Azərbaycanda bərpa olunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi” layihəsi işlənilir.

Energetika 2019-07-05 13:34:00