×
A
A
A
Sazlamalar

Spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb

Bakı, 3 iyul, AZƏRTAC

Gömrükçülər spirtli içkilərin realizə edilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə Azərbaycana məxsus aksiz markası ilə markalanmayan spirtli içkilərin və tütün məmulatlarının realizə ediləcəyi barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Mətbuat prospektində həyata keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı idarə etdiyi "Daewoo Nexia" markalı minik avtomobilinin baqaj və salonuna yerləşdirilmiş 5 ədəd karton qutuda və 4 ədəd sellofan torbada olan spirtli içkiləri və tütün məmulatlarını şərti alıcıya satmaq istəyərkən saxlanılıb. Baxış zamanı 5 ədəd karton qutular və 4 ədəd sellofan torbaların içərisindən Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış, hər biri 1 litr həcmində olmaqla, cəmi 149 ədəd üzərində "Nemirovskaya Osobaya Classic" yazıları olan spirtli içki və 1000 ədəd "Marlboro touch" markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-07-03 19:00:00