×
A
A
A
Sazlamalar

Polis Günündə yeni inşa edilən şöbə və bölmələrin açılışı olub

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 2-də polis əməkdaşlarının peşə bayramı günü Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsində, Xəzər və Binəqədi rayonlarında yeni yaradılan Binə və Binəqədi qəsəbə polis bölmələrinin, eləcə də Yasamal rayonunda Sosial evlərin ərazisində polis sahə məntəqəsinin inşa edilmiş inzibati xidməti binalarının açılışı olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov, idarə və şöbə əməkdaşları, habelə həmin rayonların icra hakimiyyətinin rəhbər şəxsləri də iştirak ediblər.
Polis general-mayoru M.Seyidov qeyd edib ki, yeni inzibati binaların istifadəyə verilməsi Prezident İlham Əliyevin şəxsi heyətə ali diqqət və qayğısının növbəti əyani təzahürüdür. Bildirilib ki, inşa edilən binaların hər biri müasir standartlara uyğun olan zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, yardımçı otaqlar və idman zalları istifadəyə verilib, həyətlərdə su anbarları tikilib. Binalarda havalandırma, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb. Ərazilərdə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Tədbir iştirakçıları yeni binaların növbətçi hissələrinə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıblar.
Sonda iştirakçılar binalarda ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi sahəsində əvəzsiz fəaliyyətini, Prezident İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

Hadisə 2019-07-02 17:22:00