×
A
A
A
Sazlamalar

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri “Caspian European Club”un üzvləri ilə görüşüb

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 2-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Caspian European Club”un birgə təşkilatçılığı ilə biznes-forum keçirilib. Biznes-forum şəhərsalma və memarlıq sahəsində siyasətin prioritetləri, dövlət-özəl sektor münasibətləri, əməkdaşlıq imkanları və perspektivlərinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevin 150-dək şirkətin, səfirliklər və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə görüşü çərçivəsində mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
S.Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib və ölkədə şəhərsalma fəaliyyətinin təşkilinin Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biri olduğunu vurğulayıb.
Bildirib ki, ölkə başçısının komitə qarşısında qoyduğu başlıca vəzifələrdən biri şəhərsalma prosesinin planlı, sistemli və qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsidir.
Böyük sosial-iqtisadi əhəmiyyətə malik olan tikinti sektorunun davamlı inkişafında özəl sektorun mühüm rol oynadığını qeyd edən S.Nuriyev son bir il ərzində artıq 3-cü dəfədir ki, müxtəlif platformalarda “Caspian European Club” üzvləri ilə görüşdüyündən, konstruktiv və məhsuldar müzakirələrin aparılmasından məmnunluğunu ifadə edib.
Diqqətə çatdırıb ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi fəaliyyətində biznes ilə dialoqun inkişaf etdirilməsinə xüsusi diqqət ayırır, özəl sektorun inkişafı, innovativ həllərin tətbiqi məsələlərini daim gündəmdə saxlayır. Paytaxtın və ölkənin digər şəhərlərinin ərazi planlaşdırılması sənədlərinin hazırlanması, dövlət şəhərsalma nəzarətinin təşkili ilə yanaşı, komitənin tikintiyə və istismara icazələrin verilməsi sahəsində işinin rəqəmsallaşdırılması, “Bir pəncərə” prinsipi ilə çalışan elektron portalın istifadəyə verilməsi, sahibkarlara göstərilən xidmətlərin sadələşdirilməsi və keyfiyyətinin artırılması istiqamətində reallaşdırılan miqyaslı layihələr bunun əyani sübutudur.
Sonra “Caspian European Club”ın baş icraçı direktoru və sədrinin birinci müavini Telman Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevə ətraflı çıxışına, biznes ilə dialoqa, həmçinin “Caspian European Club” üzvlərinin təkliflərinə göstərilən diqqətə görə minnətdarlığını bildirib, ona klubun fəxri üzvü sertifikatını təqdim edib. Biznes-forum klub üzvlərinin Komitə sədrinə ünvanladığı çoxsaylı suallar ətrafında geniş müzakirələrlə davam edib.

Tikinti̇ 2019-07-02 13:58:00