×
A
A
A
Sazlamalar

Azərbaycandan İrana qanunsuz yolla sərnişin daşıyan avtobus yanıb

Bakı, 1 iyul, AZƏRTAC

İyunun 29-da Azərbaycandan İranın Məşhəd və Qum şəhərlərinə ziyarətə gedən 41 sərnişinin - zəvvarın olduğu İran daşıyıcısına məxsus 11E771-10 dövlət qeydiyyat nişanlı avtobus Ərdəbil vilayətində texniki nasazlıq səbəbindən yanıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) AZƏRTAC-a bildirilib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Zəvvarları daşıyan avtobus nəzarətdə olmayan, aidiyyəti dövlət qurumlarında reysqabağı texniki müayinədən keçməyən, beynəlxalq marşrut üzrə sərnişindaşımada iştirakı razılaşdırılmayan, birdəfəlik səfər üçün Azərbaycandan İrana qanunsuz sərnişin daşıyan daşıyıcıya məxsusdur.
“Ötən həftə verdiyimiz məlumata əsasən bildiririk ki, məhz Məşhəd istiqamətində zəvvarlarımızı daşıyan bu cür qanunsuz xarici daşıyıcıların olduğunu nəzərə alaraq hazırda Azərbaycan və İran tərəfinin aidiyyəti qurumları tərəfindən Bakı-Məşhəd müntəzəm beynəlxalq avtobus marşrutlarının açılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu müddət ərzində sərnişinlərimizdən ricamız bu şəkildə həyatlarını təhlükəyə atmaq əvəzinə, İran istiqamətində mövcud alternativ şəhərlərə olan qanuni daşımalarımızdan istifadə etsinlər”, - deyə DANX-ın məlumatında bildirilir.

Hadisə 2019-07-01 15:01:00