® “AzerTelecom”un rəhbəri İsveçrədəki Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyev İsveçrənin Sürix şəhərində keçirilmiş İsveçrə-Azərbaycan Biznes Forumunda “Azərbaycanda rəqəmsallaşma prosesləri və “Azerbaijan Digital HUB” proqramının bu proseslərə töhfəsi” mövzusunda çıxış edib.
F.Allahverdiyev çıxışında dördüncü sənaye inqilabı şəraitində rəqəmsallaşma proseslərinin Azərbaycanda da sürətlə getdiyini, ölkə başçısı Prezident İlham Əliyev tərəfindən İKT sektorunun dayanıqlı inkişafı istiqamətində müxtəlif dövlət proqramları, sərəncam və fərmanların qəbul edildiyini qeyd edib.
O, “AzerTelecom” şirkətinin hazırda icra etdiyi “Azerbaijan Digital HUB” proqramı barədə danışaraq bu proqramın ölkənin İKT, telekommunikasiya sektorunun inkişafı, rəqəmsallaşma proseslərinə mühüm töhfə verəcəyini bildirib. “Digital HUB” proqramı ölkə daxilində dayanıqlı infrastruktur quruculuğunu, Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılmasını, Transxəzər magistralının çəkilişini, ölkəmizdə regional Data Mərkəzin tikintisini və Azərbaycanın Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün regional rəqəmsal mərkəzə çevrilməsini və rəqəmsal ekosistemin formalaşmasını nəzərdə tutur”, – deyə F.Allahverdiyev bildirib.
Qeyd olunub ki, “Digital HUB” proqramı Avropa və Asiya ölkələri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcək, iki qitənin müxtəlif dövlətlərinin telekommunikasiya və kontent operatorlarının əməkdaşlığı, biznes əlaqələrinin daha da genişlənməsi üçün təməl olacaq. Azərbaycan bu proseslərdə mərkəzi ölkəyə çevriləcək və proqram çərçivəsində rəqəmsal telekommunikasiya dəhlizinin qurulması bir çox ölkələrdə rəqəmsallaşma proseslərinin sürətlənməsinə töhfə verəcək.
İsveçrə-Azərbaycan Biznes Forumu Sürixdə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın İsveçrədəki səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə iyunun 27-də keçirilib.
“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu enerji və nəqliyyat mərkəzi statuslarına əlavə olaraq ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Proqram Azərbaycanın milli IT və milli innovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, IT arxitekturasının inkişafına mühüm töhfə verəcək. Proqram ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaq.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb