×
A
A
A
Sazlamalar

Masallıda evdən pul və qızıl oğurlayan Yevlax sakini saxlanılıb

Bakı, 27 iyun, AZƏRTAC 

Masallıda yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Masallı rayonunun Bədəlan kənd sakini C. Şahbazov Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus yaşayış evindən 7 min manat dəyərində qızıl zinət əşyalarının və 100 manat pulun oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəxsin Yevlax şəhər sakini İntiqam Mahmudov olduğu müəyyən edilib və o, saxlanılıb. Onun oğurladığı qızılların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Hadisə 2019-06-27 18:19:00