×
A
A
A
Sazlamalar

Bakı Şəhər Baş Polis İdarəsi profilaktik-maarifləndirmə tədbirlərinə başlayıb

Bakı, 25 iyun, AZƏRTAC 

Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə paytaxtda cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirir.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərdə hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhərin görkəminə xələl gətirən, antisanitariya, müəyyən olunmayan yerlərdə - səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər hallarla bağlı qanunvericilik çərçivəsində fəal iş aparılır.
Paytaxtda nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçılarının – sürücü və piyadaların hüquqi maarifləndirilməsi ilə bağlı fərdi söhbətlər davam etdirilir. Söhbətlərdə inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığı, maddi ziyana səbəb olan fəsadlar izah olunur.
Fərdi profilaktik söhbətlərdə yol polisi, ictimai təhlükəsizlik idarə və şöbələrinin, post patrul və digər xidmətlərinin əməkdaşları ilə birgə KİV nümayəndələri iştirak edirlər. Kütləvi tədbirdə əsas məqsəd şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşmasıdır.
Paytaxt polisinin inzibati ərazisində xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılır, müvafiq tədbirlər davam etdirilir.

 

Sosial 2019-06-25 18:56:00