×
A
A
A
Sazlamalar

Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub

Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də Monteneqronun Baş Naziri Duşko Markoviç bu ölkənin Azərbaycandakı fəxri konsulluğunda olub.
AZƏRTAC xəbər verir ki, Baş Nazir əvvəlcə fəxri konsulluqda yaradılan şəraitlə tanış olub. Sonra konsulluğun fəaliyyəti, gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb.
Fəxri konsul Vüqar Əliyev Azərbaycan-Monteneqro əlaqələrindən danışaraq iki ölkə arasında yüksəksəviyyəli siyasi münasibətlərin digər sahələrdə də əməkdaşlığa mühüm zəmin yaratdığını vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqroya sonuncu səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verib.
Vurğulanıb ki, Monteneqronun Azərbaycandakı fəxri konsulluğu ölkələrimiz arasında əlaqələrin genişlənməsinə, xüsusilə turizm istiqamətində layihələrin reallaşdırılmasına dəstək verir.
Baş Naziri Duşko Markoviç Azərbaycana səfəri zamanı keçirilən görüşlərin məhsuldar olduğunu bildirib. O, ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına dair bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasət 2019-06-25 18:21:00