×
A
A
A
Sazlamalar

Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi

Bakı, 25 iyun, Elvin Camalov, AZƏRTAC

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi” mövzusunda seminarın sessiyaları keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Keniyanın su sektoru transformasiyasının əməkdaşı ölkəsi və onun təbiəti barədə məlumat verib. Sonra o, Keniyada yoxsul əhali üçün uğurla sanitar xidmətin göstərilməsi ilə bağlı ərsəyə gətirdikləri layihə haqqında danışıb, bu istiqamətdə gördükləri işlərin nəticələrini diqqətə çatdırıb.
Braziliyada bələdiyyənin dəstəyi ilə həyata keçirdikləri layihə barədə məlumat verən braziliyalı nümayəndə tullantılarla bağlı proqram hazırladıqlarını deyib. O, bu proqram nəticəsində tullantı sektorunda çalışan şəxslərin iş şəraitinin daha da yaxşılaşdığını, tullantıların təkrar emalından daha çox gəlir əldə edildiyini söyləyib.
Avstraliyanın Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı da ilkin olaraq ölkəsinin təbiəti barədə danışıb. O bildirib ki, kənd təsərrüfatına vəhşi dovşanların vurduğu ziyanı aradan qaldırmaq üçün xüsusi proqram hazırlanır. Bu ziyanın həcmi kənd təsərrüfatı sahəsində böyük məbləğlərlə müşahidə edilir.
Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Şıxəliyev Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb. O bildirib ki, komissiyada 19 işçi qrup fəaliyyət göstərir və bu işçi qruplar da təkcə dövlət qurumları nümayəndələrindən deyil, həm də özəl sektorun, beynəlxalq təşkilatların və akademik dairələrin nümayəndələrindən təşkil olunub. Azərbaycanda iqtisadi siyasətin inklüzivliyi, açıqlığı və səmərəliliyi təmin edilir. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiya çərçivəsində dövlət-özəl sektor dialoqunun forması, çərçivəsi, əhatə dairəsi müəyyənləşir.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Siyasət 2019-06-25 18:20:00