Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Almaz Ülvinin “Şərq təzkirəçilik tarixindən” adlı dərs vəsaiti çapdan çıxıb

Bakı, 25 iyun, AZƏRTAC

Bu günlərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvinin “Şərq təzkirəçilik tarixindən” adlı dərs vəsaiti çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyinə ithaf edilən kitabın elmi redaktoru, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfov, ixtisas redaktoru BDU-nun biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent, pedaqogika üzrə fəlsəfə doktoru Nadir İsmayilov, rəyçiləri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamandar Şərifli, BDU-nun filologiya fakültəsinin professoru, filologiya elmləri doktoru Ülkər Nəbiyeva və BDU-nun biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi, dosent, pedaqogika üzrə fəlsəfə doktoru Sima İsmayilovadır.
Kitabda Şərq təzkirəçilik tarixinin bir çox önəmli məqamları təhlil edilir, nümunələr müstəvisində təzkirələrin elmi-ədəbi xüsusiyyətləri nəzərdən keçirilir. “Təzkirəçilik ənənələrinin tarixi kökləri”ndən sonra B.M.Ovfinin “Lübab ül-əlbab”, Ş.Ə.X.Tərazinin “Fünun ül-bəlağə”, D.Səmərqəndi və onun “Təzkirət üş-şüəra”, Ə.Cami və onun iki təzkirəsi: “Nəfahət ül-üns” və “Baharıstan” və Ə.Nəvainin “Məcalis ün-nəfais” və “Nəsaim ül-məhəbbət” təzkirələrindən, onların ideya-məzmun xüsusiyyətlərindən, elmi-nəzəri dəyərlərindən bəhs edilir.
Adları çəkilən qədim təzkirələrdə Azərbaycan klassikləri haqqında ilkin mənbələr tərcümə edilərək tədqiqata cəlb edilib.
Əsrlər boyunca təzkirə ədəbi janr kimi tarixi inkişaf yolu keçərək təkmilləşib, bu sahədə mükəmməl əsərlər ortaya qoyulub. Təzkirələrin mövzusu, məzmunu görkəmli insanların, xüsusən şair, yazıçı, alim, övliya, elm-hikmət sahiblərinin, rəssamların, nəqqaşların, xəttatların, bir sözlə, yaradıcı şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında məlumat-qeydlərdən, bir çox hallarda əsərlərindən nümunələrdən (beyt və misralar kimi) ibarətdir.
Faktların zənginliyi, mövzunun tarixilik və müasirlik dəyərlərində millilik və bəşərilik prinsipləri baxımından elmi-ədəbi şərhinin aydınlığı, dilinin sadəliyi və fikirlərin yığcam ifadə tərzi ilə seçilən əsər ali məktəb tələbələri, tədqiqatçılar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mədəniyyət 2019-06-25 18:07:00