Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

Bakı, 25 iyun, AZƏRTAC 

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə şəhid ailələrinin üzvləri, müharibə əlilləri, veteranlar, Milli Məclisin deputatları, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti təbrik edib, respublikamızın ərazi bütövlüyü uğrunda göstərdikləri şərəfli xidmətdə hərbçilərimizə uğurlar arzulayıblar. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində bu gün Silahlı Qüvvələrimiz regionun ən qüdrətli ordusuna çevrilib. Güclü, sarsılmaz və yüksək mənəvi-psixoloji hazırlığa malik ordumuzun torpaqlarımızı işğaldan azad etməyə qadir olduğuna və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə əminlik ifadə olunub.
Sonra yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin təbliğində göstərdiyi səmərəli fəaliyyətə görə və bayram münasibətilə Təlim və Tədris Mərkəzinin bir qrup hərbi qulluqçusu Yasamal Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib.
Tədbir tanınmış ifaçıların konsert proqramı ilə başa çatıb.

Ordu 2019-06-25 18:03:00