Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İyunda zəhərlənmə halları artıb

Bakı, 25 iyun, AZƏRTAC

İyun ayında spirtli içkilər, sirkə turşusu və dərman preparatlarının qəbulu nəticəsində zəhərlənənlərin sayı artıb.
AZƏRTAC xəbər verir ki, Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun verdiyi məlumata görə, indiyədək 4 nəfər sirkə turşusundan zəhərlənmə ilə əlaqədar müraciət edib və onlardan üçünün vəziyyəti xüsusilə ağır olub.
Spirtli içkilərin qəbulu nəticəsində 12 nəfər zəhərlənərək şöbəyə gətirilib. Dərman preparatlarından zəhərlənmənin kəskin allergik reaksiyalara səbəb olması nəticəsində isə 11 müraciət daxil olub. Onlardan ikisi azyaşlı uşaq olub və polivitamin tərkibli dərmanlara qarşı həssaslıq nəticəsində zəhərlənmə baş verib.
Baş həkim dərman preparatlarının saxlanma şəraitinə və istifadə müddətinə diqqətlə yanaşmağı, dərmanlardan istifadə zamanı ehtiyatlı olmağı tövsiyə edib.

Səhiyyə 2019-06-25 17:54:00