×
A
A
A
Sazlamalar

ADU-da Silahlı Qüvvələr Günü qeyd olunub

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Müəllim Həmkarlar Komitəsinin sədri Misgər Məmmədov tədbirdə çıxış edərək Azərbaycan Ordusunun tarixindən söz açıb. O, bildirib ki, ordumuzun tarixi əslində müstəqilliyimizin və suverenliyimizin tarixidir. Qeyd olunub ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələri quruculuğunda yeni mərhələnin başlanğıcı oldu. Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa vaxtda Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan Ordusunun əlinə keçdi.
Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğundan, Səməd bəy Mehmandarovun ordu quruculuğundakı rolundan danışıblar. Vurğulanıb ki, bu gün ölkəmiz hərbi potensialını daha da gücləndirmək üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərə doğru inamla irəliləyir.

Elm və təhsil 2019-06-25 17:52:00