×
A
A
A
Sazlamalar

Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib

Ağdam, 25 iyun, AZƏRTAC

Azərbaycan Silahlı Qüvvələri son illərdə bütün qoşun növləri üzrə inkişaf edərək qüdrətlənib, döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
İctimaiyyətin nümayəndələrinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, ziyalıların, gənclərin, N saylı hərbi hissənin əsgər və zabitlərinin, müharibə veteranlarının iştirak etdikləri tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdəki çıxışlarda Azərbaycan Ordusunun yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordunun formalaşmasında və gücləndirilməsindəki xidmətlərindən danışılıb, Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, 2016-cı ilin aprelində baş verən hərbi əməliyyatlar dövlətimizin, Ordumuzun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirdi. Düşmən təxribatlarının qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində işğal altındakı mühüm əhəmiyyətə malik yüksəkliklər azad edildi. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşında həkk olundu.
Çıxışlarda işğal altındakı ərazilərimizin tezliklə yağı düşməndən azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə edilib.
Tədbirdə xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərmanlar təqdim olunub.

 

Regionlar 2019-06-25 17:49:00