Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan ABŞ-ın Heritage Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, qurumun icraçı direktoru Vüsal Qasımlı ABŞ-ın Heritage Fondunun Beynəlxalq Ticarət və İqtisadiyyat üzrə Mərkəzinin rəhbəri səfir Terri Miller ilə görüşüb.
Vüsal Qasımlı bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi, sosial və institusional islahatlar paralel aparılır, infrastruktur quruculuğu davam etdirilir, regional əhəmiyyətli neft-qaz, rəqəmsal və nəqliyyat-logistika layihələri həyata keçirilir və artıq nəticələr göz qabağındadır: “Ölkə iqtisadiyyatı 3 faizdən artıq illik böyümə fazasına keçib, xüsusilə, qeyri-neft sənayesi, bitkiçilik və qeyri-neft ixracı ikirəqəmli həddə böyüyür. Dövlət büdcəsi və tədiyə balansında trendlər müsbətdir. Strateji valyuta ehtiyatları ÜDM-in 80 faizindən artığını təşkil etdiyi halda, xarici borc ÜDM-in 20 faizindən də azdır. Manatın məzənnə sabitliyi və inflyasiyanın aşağı həddi təmin edilib. Təkcə builki sosial paket çərçivəsində 4 milyondan çox vətəndaşın sosial rifah halını yaxşılaşdırmaq üçün 4 milyard manatdan artıq vəsait nəzərdə tutulur. “Doing Business” hesabatında ən islahatçı ölkə olan Azərbaycanda ictimai-siyasi və makroiqtisadi sabitlik qorunur.
T.Miller bildirib ki, Azərbaycan ABŞ-ın Heritage Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir. Qonaq, həmçinin Azərbaycanın regional miqyasda neft-qaz və nəqliyyat-logistika sahəsində oynadığı rolun əhəmiyyətini də vurğulayıb.
Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə ABŞ-ın Heritage Fondu arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

İqtisadiyyat 2019-06-25 17:25:00