×
A
A
A
Sazlamalar

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər

Bakı, 25 iyun, AZƏRTAC

“Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər” mövzusundakı seminar çərçivəsində keçirilən sessiyalarda qərarvermədə, dövlət xidmətinin və ictimai xidmətin çatdırılmasında həssas qrupların roluna dair fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, BMT-nin ətraf mühitin inkişafı şöbəsinin müdiri Katinka Vaynbertgerin moderatorluğu ilə keçən seminarda çıxış edənlər Cənub-Şərqi Asiya və Sakit okean regionu ölkələrində rəqəmsal bərabərsizlik hallarının çoxluğu, Nepalda hökumət orqanları, bələdiyyələr və özəl sektorla birgə həssas qruplarla aparılan iş, Malayziyada sahibkarlıq subyektləri ilə əməkdaşlıq fonunda həyata keçirilən tədbirlər barədə danışıblar. Afrika Gənclər Komissiyasının sədri Natalya Mükundane ən həssas qruplara aid olan uşaq və gənclərə göstərilən diqqət və qayğı, həmin təbəqələrə məxsus olanlar arasında regionda mövcud olan stiqma, fiziki məhdudiyyətli gənclərin problemləri barədə məlumat verib.
Müzakirələr zamanı Koreyada həssas qruplardan sayılan ahıllar, xüsusilə qadınlara qarşı zorakılıq halları, sosial ayrı-seçkilik, həmin qrupa məxsus olanların bir qrupunun səhiyyə xidmətindən kənarda qalması, İndoneziyada zəka məhdudiyyətli insanlara göstərilən xidmətlər, onların üzləşdikləri problemlər, Sinqapurda ahıllar arasında həyata keçirilən fitnes, eləcə də rifah və qidalanma proqramları, sunami hadisələri zamanı vəziyyətdən çıxış yolları barədə bəhs olunub. Filippin Universitetinin professoru Benjamin Abalos fiziki məhdudiyyəti olanlara göstərilən səhiyyə xidməti, autizmli uşaqların cəmiyyətə inteqrasiyası, onların peşə hazırlığına cəlb edilməsindən danışıb.
Müzakirə olunan məsələlərlə əlaqədar sual-cavablar aparılıb.

 

Siyasət 2019-06-25 17:10:00