Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Britaniyanın Mühafizəkarlar partiyasının yeni liderinin adı iyulun 23-də elan olunacaq

Bakı, 25 iyun, AZƏRTAC

Britaniyanın Mühafizəkarlar partiyası iyulun 23-də lider postu uğrunda mübarizədə kimin qalib gəldiyini elan edəcək.
AZƏRTAC bu barədə Böyük Britaniya KİV-lərinə istinadla xəbər verir.
Hazırda Mühafizəkarlar partiyasının lideri və müvafiq olaraq Baş Nazir postu uğrunda mübarizəni digər səkkiz namizədi geridə qoyan hazırkı Xarici İşlər naziri Ceremi Hant və sabiq Xarici İşlər naziri Boris Conson davam etdirir. Boris Conson seçkiöncəsi mübarizə çərçivəsində parlamentdə keçirilən səsvermənin bütün raundlarında böyük fərqlə qələbə qazanıb.
Seçkilərin sonuncu mərhələsində partiyanın 160 min üzvü poçt vasitəsi ilə səs verəcək. Seçkiöncəsi kampaniyanın finalı iyulun 17-də Londonda başa çatacaq. Mühafizəkarlar iyulun 6-dan 8-dək poçt vasitəsi ilə bülletenlərini alacaq və iyulun 21-nə qədər onları təhvil verəcək.
Xatırladaq ki, mayın 24-də Böyük Britaniyanın Baş Naziri Tereza Mey Brexit ətrafında yaranmış böhran səbəbindən əvvəlcə Mühafizəkarlar partiyasının lideri, yeni partiya rəhbəri seçildikdən sonra isə ölkənin Baş Naziri postundan istefa verəcəyini elan edib. Yeni lider seçkilərində partiyanın ondan çox üzvü öz namizədliyini irəli sürmüşdü. Onların arasında sərt Brexit tərəfdarı kimi tanınan sabiq Xarici İşlər naziri Boris Consonun şansları daha yüksək qiymətləndirilirdi.

Dünya 2019-06-25 17:03:00