Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yanvar-may ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb YENİLƏNİB

Bakı, 25 iyun, AZƏRTAC

Yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 319.3 milyon manat məbləğində sığorta haqları toplanıb, 93.8 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, könüllü sığorta bazarı üzrə haqlar 212.7 milyon manat, ödənişlər isə 64 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106.6 milyon manat, ödənişlər isə 29.8 milyon manat olub.
2019-cu ilin yanvar-may aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.6 faizi könüllü, 33.4 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 68.3 faizi könüllü, 31.7 faizi icbari sığorta növləri hesabına formalaşıb.
Ötən ilin yanvar-may ayları ilə müqayisədə qeyri-həyat sığortasının haqları üzrə həm könüllü 2 faiz (2.4 milyon manat), həm də icbari növləri 10 faiz (7.7 milyon manat) üzrə artım müşahidə edilib. Qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta (20 faiz və ya 10.6 milyon manat) və daşınmaz əmlakın icbari sığortası (33.0 faiz və ya 4.0 milyon manat) üzrə olub.
Bundan əlavə, həyat sığortasının icbari növü üzrə isə 18 faiz artım (3.5 milyon manat) qeydə alınıb.

Maliyyə 2019-06-25 16:37:00