Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir VİDEO

Pekin, 25 iyun, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi və himayəsi ilə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikri Çinin vitse-prezidenti Van Çişan Pekində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Çin Xalq Xarici Əlaqələr İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən "Çinin inkişafı, dünya üçün imkanlar" mövzusunda 17-ci ali səviyyəli toplantısının iştirakçıları ilə görüşündə deyib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Çinin inkişafı ilə bağlı məsələlərin müzakirəsinə həsr olunan toplantıların təşkilinə görə təşəkkür edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətindən söz açılıb, qlobal çağırışlara, Çinin beynəlxalq əməkdaşlıqdakı roluna, o cümlədən "Bir kəmər, bir yol" strategiyasının iştirakçısı olan ölkələrin inkişafına təsirlərinə dair söhbət aparılıb.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Çin Xalq Xarici Əlaqələr İnstitutunun birgə tərəfdaşlığı ilə Pekində keçirilən ikigünlük toplantıda "Bir kəmər, bir yol" təşəbbüsünün əhatə etdiyi və bu strategiya çərçivəsində Çin ilə tərəfdaşlıq edən 15-dən çox ölkənin sabiq dövlət və hökumət başçıları, Çinin dövlət qurumlarının sabiq rəhbər şəxsləri, nüfuzlu beynəlxalq beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Siyasət 2019-06-25 16:01:00

Video