×
A
A
A
Sazlamalar

“Xəyal et” İKT yay düşərgəsi layihəsi davam edir

Bakı, 25 iyun, AZƏRTAC

UNESKO-nun maliyyə dəstəyi, Təhsil Nazirliyinin təşkilatçılığı ilə qızlar üçün keçirilən “Xəyal et” İKT yay düşərgəsi layihəsi davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yay düşərgəsinin ilk günlərində iştirakçıların informasiya texnologiyaları sahəsi üzrə məlumatlılığının artırılması, eyni zamanda, ixtisaslaşmış qurumlarla tanış olması məqsədilə nazirliyin tabeliyindəki 6 nömrəli məktəb-liseydə kodlaşdırma, müxtəlif proqramlaşdırma dilləri üzrə təlimlər təşkil olunub.
Düşərgə çərçivəsində İKT və aidiyyəti üzrə ixtisaslaşmış müxtəlif qurumlara təhsil turları-ekskursiyalar təşkil olunub. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə, Bakı Ali Neft Məktəbinə, SOCAR-ın nəzdində fəaliyyət göstərən Qala Eko-Parkına, “Marc Academy” şirkətinə təhsil turları məktəbli qızların informasiya texnologiyaları sahəsində biliklərinin artırılmasına, daha ətraflı məlumatlar əldə etməsinə imkan yaradıb.
Yay düşərgəsinin iştirakçılarının xüsusi marağına səbəb olmuş “Azərkosmos” turunda məktəbli qızlara telekommunikasiya peyklərinin quruluşu, hazırlanması, orbitə çıxarılması, işləmə mexanizmləri, idarə olunması barədə məlumat verilib.
Məktəblilər Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzi və kampusun laboratoriyaları ilə tanış olub, “Mars Academy” şirkətinin təşkil etdiyi modelləşdirmə və robototexnika üzrə ustad dərslərində iştirak ediblər. Həmçinin düşərgə iştirakçıları Qala Eko-Parkında ağaclar əkib, alternativ enerji mənbələri, qlobal ekoloji problemlər haqqında təqdimatla tanış ediliblər.
Azərbaycan qadınlarının İKT-də rolunun dəstəklənməsində təşəbbüs göstərən “Femmes Digitales” İKT Qadınlar Klubu ilə təşkil olunmuş görüşdə isə İKT sahəsində nailiyyət əldə etmiş qadınların uğur hekayələri dinlənilib, qadınların bu sahə üzrə rolu ilə bağlı müzakirələr aparılıb.
Bununla yanaşı, “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasında qızların asudə vaxtının səmərəli təşkili məqsədilə komanda quruculuğu oyunları, müxtəlif idman yarışları, intellektual oyunlar və əyləncə saatları təşkil edilib.
Layihə iyunun 28-də başa çatacaq.

Elm və təhsil 2019-06-25 15:48:00