×
A
A
A
Sazlamalar

Türkiyənin ölkəmizdəki hərbi attaşesi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olub

Bakı, 25 iyun, AZƏRTAC 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali ilə görüşüb.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən general-leytenant Arzu Rəhimov ona iki ölkənin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Respublikasında hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu bildirən İsmail Hakkı Köseali ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişafı üçün çalışacağını vurğulayıb.
Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Söhbət zamanı iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin digər sahələrdə əməkdaşlığın davam etdirilməsinin ikitərəfli əlaqələrə müsbət təsir edəcəyi xüsusi vurğulanıb.

Ordu 2019-06-25 15:25:00