Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyə gələn aydan S-400 zenit-raket komplekslərinin qəbuluna başlayır

Bakı, 25 iyun, AZƏRTAC
Rusiyadan satın alınan S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması cari ilin iyulunda başlayacaq.
AZƏRTAC Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.
“Gələn aydan etibarən S-400 komplekslərinin qəbuluna başlayırıq. Zenit-raket komplekslərinin alınması bizim suveren hüququmuzdur və buna görə də biz güzəştə getməyəcəyik”, - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi 2017-ci ilin dekabrında imzalayıb. Sazişə əsasən, Ankara iki zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib.
Ankaranın bu addımı ABŞ və NATO-nun ciddi narazılığına səbəb olub. Birləşmiş Ştatlar S-400 “Triumf” zenit-raket komplekslərini alacağı təqdirdə Ankaranı beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin çatdırılması proqramından tamamilə çıxarmaqla hədələyib.
Türkiyə ən azı 100 ədəd “F-35 Lightning II” təyyarəsi almaq niyyətindədir. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilir.
Uzaq məsafəli zenit raket sistemi - S-400 “Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulur.

Dünya 2019-06-25 15:02:00