×
A
A
A
Sazlamalar

Paytaxt sakininin evindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər məsuliyyətə cəlb olunublar

Bakı, 25 iyun, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə Yeni Yasamal-1 yaşayış sahəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq araşdırmalar aparıblar. Ev sahibi 210 manat pulunun və 30 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törədən iki nəfər qısa müddətdə müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə dəfələrlə məhkum olunan Mingəçevir şəhər sakini Nahid Soltanov və Bakı şəhər sakini Elvin Abbaslı 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-06-25 12:19:00