Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nyu-Hempşirdə baş verən qəzada pikapın sürücüsünə qarşı rəsmi ittiham irəli sürülüb 

Vaşinqton, 25 iyun, AZƏRTAC

ABŞ-ın Nyu-Hempşir ştatında motosikletçilər qrupuna çırpılan pikap avtomobilinin sürücüsünə qarşı yeddi nəfərin qətli üzrə ittiham irəli sürülüb. 23 yaşlı Vladimir Jukovski bazar ertəsi səhər Massaçusets ştatında yerləşən Uest-Sprinqfilddə yaşadığı evin yanında həbs edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Nyu-Hempşirin baş prokurorunun müavini Ceyn Yanq bildirib.
Yanqın sözlərinə görə, bazar ertəsi onun həbsinə order verildikdən sonra Jukovski ədalət məhkəməsindən qaçma ittihamı ilə həbs edilib. Ona qarşı, həmçinin ehtiyatsızlıq ucbatından yeddi nəfərin ölümü ilə bağlı ittiham da irəli sürülüb.
Nyu-Hempşir ştatı polisinin məlumatına görə, hadisə Rendolf şəhərində baş verib. “Ford-2500” pikap avtomobili şosedə motosikletçilər qrupuna çırpılıb. Motosikletçilərdən yeddisi hadisə yerində həlak olub. Qəza nəticəsində zərər çəkən üç nəfər yerli xəstəxanalara çatdırılıb.
Polislərin sözlərinə görə, ölənlər 42-62 yaşarası olublar. Nyu-Hempşirin baş tibbi eksperti doktor Cenni Düval bildirib ki, ölən yeddi nəfərin hamısı aldıqları ağır travma nəticəsində həlak olublar.
V.Jukovski ittihamı qəbul etmir.


Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-06-25 11:05:00