×
A
A
A
Sazlamalar

Azərbaycan idmançıları “Minsk 2019”un dördüncü günündə üç bürünc medal qazanıblar

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də - “Minsk 2019”un dördüncü günündə Azərbaycan idmançıları cüdo, tramplin gimnastikası, boks və badminton yarışlarında mübarizə aparıblar. Komandamızın üzvləri günü 3 bürünc medalla başa vurublar.
AZƏRTAC xəbər verir ki, medalları Azərbaycanın aktivinə cüdoçular yazdırıblar. Cüdoçularımızdan Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medallara sahib olublar. Uşangi Kokauri (+100 kq) bürünc medal uğrunda görüşdə, Zelin Kotsoyev (100 kq) isə səkkizdəbir finalda uduzaraq mübarizəni dayandırıblar.
Gün ərzində Azərbaycanın dörd boksçusu - Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Lorenso Sotomayor (69 kq) və Məryəm Cəbrayılova (69 kq) səkkizdəbir finalda yarışıb. Onlardan yalnız Lorenso Sotomayor qalib gələrək dörddəbir finala yüksəlib. Boksçu səkkizdəbir finalda Adem Fetahoviçi (Bosniya və Herseqovina) 4:1 hesabı ilə məğlub edib.
Tramplin gimnastikası üzrə kişilərin sinxron yarışında ölkəmizi təmsil edən Ruslan Ağayev – İlya Qrişunin dueti 47,900 xalla beşinci olub.
Badminton yarışında G qrupunda çıxış edən təmsilçimiz Ezmi Qovimuramadhoni mübarizəyə qələbə ilə başlayıb. Kişi badmintonçuların fərdi mübarizəsində G qrupunda çıxış edən idmançımız rumıniyalı Kollins Valentin Filimona qalib gəlib - 2:1 (21:19, 18:21, 21:10). Təmsilçimiz iyunun 25-də lüksemburqlu Robert Mann, bir gün sonra isə Rusiya idmançısı Vladimir Malkov ilə qarşılaşaq. Turnirin reqlamentinə əsasən, qrup mərhələsində ilk iki yeri tutan badmintonçu səkkizdəbir finala vəsiqə qazanacaq.
Xatırladaq ki, “Minks 2019”da Azərbaycan yığmasının aktivində 4 gümüş və 7 bürünc medal var.
İkinci Avropa Oyunlarına 47 medalla Rusiya yığması başçılıq edir. Rusiyalı idmançılar 21 qızıl, 12 gümüş və 14 bürünc medal qazanıblar. İkinci yerdə Belarus (11-9-18), üçüncü yerdə isə Gürcüstan yığması (6-5-9) qərarlaşıb.

İdman 2019-06-24 22:15:00