×
A
A
A
Sazlamalar

Astarada narkomaniyanın fəsadlarına dair maarifləndirmə tədbiri keçirilib

Astara, 24 iyun, Bağır Əliyev, AZƏRTAC

Astara Pedaqoji Kollecində Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 26 iyun - Narkomaniyaya Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov tədbirdə çıxış edərək narkomaniyanın yaratdığı problemlərdən danışıb, onun bəşəriyyətin ciddi bəlasına çevrildiyini bildirib. Qeyd olunub ki, narkomaniya, eyni zamanda, yoluxucu xəstəliklər mənbəyidir. Yeniyetmə və gənclərinin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, şəxsiyyətin məhv olmasına və sosial tarazlığının pozulmasına səbəb olur.
Astara Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rufan Şirinov çıxışında 26 iyun-Narkomaniyaya Qarşı Beynəlxalq Mübarizə Gününün tarixi, bu sahədə dövlət orqanları ilə yanaşı, QHT-lərin, ictimai təşkilatların da fəallığı, Rayon Gənclər və İdman İdarəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Sonda kollecin tələbələrinə Astara Rayon Gənclər və İdman İdarəsinin hazırladığı maarifləndirici bukletlər paylanıb.

Regionlar 2019-06-24 20:58:00