Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanda dövlət-din münasibətləri sağlam şəkildə qurulub

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, seminar-müşavirədə Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlikdən, əmin-amanlıqdan, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulmasından danışan DQİDK-nın sədr müavini Səyavuş Heydərov qeyd edib ki, ölkəmizdə bütün dünyaya nümunə ola biləcək dövlət-din münasibətləri, tolerantlıq, multikulturalizm, birgəyaşayış ənənəsi formalaşıb. Azərbaycanın bu nümunəvi modelini qorumaq, yeni nəsillərə ötürmək hər birimizin borcudur.
Səyavuş Heydərov bildirib ki, hazırkı dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın bir çox bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır. Bu baxımdan dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru məcraya yönləndirilməsi mühüm məsələdir. Komitə rəsmisi diqqətə çatdırıb ki, bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin borcu və müstəsna hüququdur. Din dövlətdən ayrı olsa da dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır. Onun sözlərinə görə, ölkəmizin inkişafını istəməyən qüvvələr tərəfindən Azərbaycana təkcə siyasi yox, həm də dini müstəvidə təsirlərin göstərilməsinə, yad dini ideologiyaların ixrac edilməsinə cəhdlər olunur. Biz İslami dəyərlərin Azərbaycanda inkişaf etməsini, İslam dininin mənəviyyat amili kimi həyatımızda olmasını istəyirik. Xalqımız İslam dinindən siyasi məqsədlər üçün istifadəyə, xurafata meyilliliyə, dini radikalizmə bundan sonra da imkan verməyəcək.
Seminar-müşavirə mövzu ətrafında müzakirələrlə işini yekunlaşdırıb.

Din 2019-06-24 20:01:00