×
A
A
A
Sazlamalar

Dövlət Yanğından Mühafizə Xidməti “Ümid” platformasında yanğın təhlükəsizliyi tədbirləri keçirib

Bakı, 24 iyun, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti “Ümid Babək” Əməliyyat Şirkətinin “Ümid” platformasında yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə yanğın təhlükəsizliyi tədbirləri çərçivəsində texniki baxış keçirilib. “Ümid” platformasının rəhbər və mühəndis heyəti ilə obyektin ümumi ərazisinin istehsalat sahələrinin yanğına qarşı vəziyyəti öyrənilib, aşkarlanmış çatışmazlıqların aradan qaldırılması barədə göstərişlər verilib. Həmçinin yanğına qarşı rejimə ciddi riayət edilməsinin daim nəzarətdə saxlanılmasının vacibliyi vurğulanıb.
Tədbirlər “Neft və qaz quyularının istismarı zamanı yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda nəzəri-praktiki seminarla davam etdirilib. Seminarda ərazinin saxlanma xüsusiyyətləri, o cümlədən yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələr, binalara, su mənbələrinə və digər obyektlərə keçid yolları ilə bağlı tələblər xatırladılıb, maddə və materialların saxlanılması, yanğınsöndürmə və yanğın rabitə siqnalizasiya vasitələrinin saxlanılması qaydaları və s. haqqında ətraflı məlumat verilib.
Eyni zamanda, bu sahədə yanğın təhlükəsizliyinə dair tələblərdən ətraflı danışılıb, həmin tələblərin aşılanması istiqamətində fəaliyyətin təşkil olunması üçün müvafiq tövsiyələr verilib.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələri, həmin vasitələrin təsnifatı, tətbiqi qaydası haqqında ətraflı məlumat verilib. Xidmətin əməkdaşları odsöndürənlərdən istifadə qaydalarını da əyani şəkildə nümayiş etdiriblər.

Sosial 2019-06-24 19:54:00