×
A
A
A
Sazlamalar

Bədii gimnastlarımız beynəlxalq turnirdə on medal qazanıblar

Bakı, 24 iyun, AZƏRTAC

Polşanın Qdınya şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçiləri yarışı 10 medalla başa vurublar. Gənclər arasında fərdi proqramda çıxış edən Arzu Cəlilova topla hərəkətlərdə gümüş, gürzlərlə kompozisiyada isə bürünc medal qazanıb. Nərminə Səmədova da lentlə çıxışına görə sıralamada ikinci olub. Gimnastlarımız, həmçinin komanda hesabında da fərqlənərək qızıl medala layiq görülüblər.
Qrup hərəkətləri komandalarımız isə bütün mümkün finallarda uğurlu performans nümayiş etdirərək hər bir yarışda medal qazanmağa nail olublar. Belə ki, Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Milana Əkbərova, Mədinə Əsədova və Selcan Hacızadədən ibarət gənc qrup hərəkətləri komandamız tam bir dəst medala sahib olub. Gənc gimnastlarımız çoxnövçülükdə gümüş, halqa ilə kompozisiyalarına görə bürünc, lentlə çıxışlarına görə isə ən yüksək xalla qızıl medala layiq görülüblər.
Böyüklər arasında mübarizə aparan Narın Qurbanova, Güllü Ağalarzadə, Nərmin Cahangirova, Humay Əliyeva və Sona Rəhmanovadan ibarət qrup hərəkətləri komandası da çoxnövçülük, top, həmçinin halqa-gürzlərlə çıxışlarına görə bürünc medal qazanıblar.

İdman 2019-06-24 19:59:00