Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Latviya sakinlərinin yalnız 39,5 faizinin bədən kütləsi normaldır

Bakı, 24 iyun, AZƏRTAC 

Latviya sakinlərinin cəmi 39,5 faizinin bədən kütləsi normaldır, ölkə əhalisinin qalan hissəsinin bədən kütləsi indeksi normadan kənardır. Bunu Latviya Xəstəliklərin Profilaktikası və Onlara Nəzarət Mərkəzi (XPONM) tərəfindən keçirilmiş, Latviya sakinlərinin sağlamlığına təsir göstərən vərdişləri tədqiq edən araşdırmanın nəticələri göstərib.
AZƏRTAC LETA-ya istinadla xəbər verir ki, Latviya sakinlərinin 34,6 faizində artıq çəki, 24,1 faizində piylənmə qeydə alınıb.
XPONM-un məlumatına görə, piylənmə xüsusilə qadınlar, artıq çəki isə kişilər üçün səciyyəvidir. Kişilərin 19,5 faizində və qadınların 28,3 faizində piylənmə, kişilərin 39 faizində və qadınların 30,7 faizində artıq çəki müşahidə olunub. Eyni zamanda kişilərin 1,5 faizində və qadınların 2 faizində çəki çatışmazlığı qeydə alınıb.
Normal bədən kütləsi 15-34 yaşlı cavanlar üçün daha səciyyəvidir. Çəki çatışmazlığı çox vaxt 15-24 yaşlı latviyalılarda müşahidə edilir.
Ölkə sakinlərinin 60 faizinin çəkisinin normadan kənara çıxmasına baxmayaraq, Latviya sakinlərinin 54,8 faizi öz çəkisini normal sayır.
Ölkə sakinlərinin 38,8 faizi çəkisinin artıq, 4,3 faizi az olduğunu hesab edir. Qadınlarla müqayisədə kişilər artıq çəkidən bir o qədər də şikayət etmirlər. Kişilərin 29,3 faizi, qadınların 47,5 faizi çəkilərinə normal yanaşır.
Son bir ildə artıq çəkisi olan ölkə sakinlərinin 35,2 faizinə arıqlamaq tövsiyə olunub: rəyi soruşulanların 20,3 faizinə həkim, 18,3 faizinə ailə üzvü, 8,4 faizinə başqa insanlar arıqlamağı məsləhət görüb.
XPONM-un tədqiqatında 15-74 yaşlı 3500 latviyalı iştirak edib.

Səhiyyə 2019-06-24 17:34:00