×
A
A
A
Sazlamalar

Ağdaşda su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb

Bakı, 24 iyun, AZƏRTAC

Ağdaş şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə yekunlaşmaq üzrədir. Artıq şəhərdə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb. Hazırda tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla burada 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən, əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 8 subartezian quyusu qazılıb, ümumi tutumu 10 min kubmetr olan 2 su anbarı və nasos stansiyası inşa edilib. Su mənbəyindən şəhərə 13 kilometr magistral su xətti çəkilərək paylayıcı şəbəkə ilə birləşdirilib.
Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Sərəncama əsasən, Ağdaş şəhərində 4 yeni subartezian quyusu qazılıb, həcmi 5000 kubmetr olan yeni su anbarı inşa edilib. Eyni zamanda, yeni su mənbəyindən şəhərədək 6,7 kilometr magistral su kəməri tikilib, içməli su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi işləri aparılıb. Ümumilikdə Ağdaş şəhərində 183 kilometr içməli su şəbəkəsi yaradılıb və abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılıb. Eyni zamanda, 166 kilometr kanalizasiya şəbəkəsi və 9,6 kilometrlik kanalizasiya kollektoru inşa edilib. Şəhərin 30 minədək əhalisi hazırda yeni yaradılmış infrastruktur hesabına fasiləsiz rejimdə içməli su ilə təmin olunur.
Hazırda məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Eyni zamanda, su və kanalizasiya xətlərinin çəkildiyi küçələrdə asfalt örtüyünün bərpası işləri aparılır. Layihə çərçivəsində Ağdaş Sukanal Sahəsi üçün müasir tipli yeni inzibati bina tikilib.
Qeyd edək ki, yeni layihənin icrasına qədər Ağdaş şəhərində 1950-1960-cı illərdə yaradılmış su təchizatı və kanalizasiya sistemlərindən istifadə olunurdu. Şəhərdə mövcud olmuş içməli su və kanalizasiya şəbəkələri şəhəri tam əhatə etmir və istismara yararsız vəziyyətdə idi.

Regionlar 2019-06-24 17:10:00