×
A
A
A
Sazlamalar

“Organic Food Festival 2019”a 3 gündə 10 mindən çox ziyarətçi qatılıb

Növbəti “Organic Food Festival” gələn ilin iyununda keçiriləcək

Bakı, 24 iyun, AZƏRTAC
Növbəti “Organic Food Festival” 2020-ci ilin iyununda təşkil ediləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, Dənizkənarı Milli Parkda keçirilən “Organic Food Festival 2019” başa çatıb. Azərbaycanda ilk dəfə olaraq keçirilən və "Made in Azerbaijan" brendini təşviq etmək, ölkəmizdə yerli və xarici ekoloji təmiz qida məhsulları istehsalçılarını tanıtmaq məqsədilə təşkil olunmuş festivala 3 gün ərzində 10 mindən çox ziyarətçi qatılıb.
KOBİA, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Aqrar Ticarət Şirkəti və “Proaktiv” PR Agentliyinin təşkilatçılığı ilə keçirilmiş festivalda 50-dən çox şirkətin, o cümlədən mikro və kiçik sahibkarların 150-dək məhsul və xidmətləri təqdim olunub.
KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar festivalda onlar üçün ayrılmış xüsusi stenddə ekoloji təmiz qida məhsullarını - bal, bitki çayları, meyvə şirələri, müxtəlif bitki yağları, ev üsulu ilə hazırlanmış şirniyyatlar, ədviyyat, düyü, meyvə quruları və sair məhsulları, eləcə də orqanik qablaşdırma materiallarını, sosial sahibkarlıq layihələrini təqdim ediblər.
Qeyd edək ki, KOBİA 2018-ci ildən etibarən startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini müxtəlif sərgi, yarmarka və festivallarda təqdim etməsinə, bu tədbirlər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir. Bu dəstək 2019-cu ildə ölkəmizdə keçiriləcək müxtəlif sərgi, yarmarka və festivallar çərçivəsində davam etdiriləcək.

İqtisadiyyat 2019-06-24 15:31:00