Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çin nümayəndəsi FAO-nun baş direktoru seçilib

Pekin, 23 iyun, AZƏRTAC
Çinin Kənd Təsərrüfatı Nazirinin müavini Çu Dunyu 4 il müddətinə BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) yeni baş direktoru seçilib.
AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, FAO-nun baş direktoru vəzifəsinə seçki iyunun 22-də İtaliyanın paytaxtı Romada işə başlayan qurumun 41-ci sessiyasında keçirilib. Səsvermədə Çu Dunyu 108 səs, fransalı Ketrin Jeslen-Lanel 71 səs, gürcü Davit Kirvalidze isə 12 səs toplayıb. Çin nümayəndəsi vəzifəsinin icrasına avqustun 1-də başlayacaq. O, FAO-nun rəhbəri seçilən ilk Çin nümayəndəsidir.
Qeyd edək ki, 56 yaşlı Çu Dunyu 2015-ci ildən Çinin Kənd Təsərrüfatı Nazirinin müavini vəzifəsində çalışır. Bundan əvvəl isə uzun illər Çin Kənd Təsərrüfatı Akademiyasında işləyib.
FAO-nun hazırkı baş direktoru braziliyalı Jose Qratsiano Da Silva 2011-ci ildən iki dövr təşkilata rəhbərlik edib.


Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-06-23 18:48:00