Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

KXDR lideri ABŞ Prezidentindən məktub alıb

Bakı, 23 iyun, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampdan məktub alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə KXDR-in Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
"Partiyanın, dövlətin və silahlı qüvvələrin ali lideri məktubu oxuduqdan sonra onun məzmunundan razı qaldığını bildirib", - deyə KCNA yazır. Məktubun KXDR liderinə nə vaxt və necə çatdırılması, onun məzmunu haqqında məlumat verməyən agentlik lider Kim Çen Inın məktubun maraqlı məzmunu üzərində ciddi düşünəcəyini bildirdiyini xəbər verib.
Qeyd edək ki, cari ilin fevralında ABŞ və KXDR liderlərinin Vyetnamda keçirilən nəticəsiz görüşündən ötən bir neçə ayda Koreya yarımadasında nüvə məsələsinin həlli ilə bağlı ümidsizlik yaranmışdı. Yonhap agentliyi yazır ki, Donald Trampın KXDR liderinə göndərdiyi məktub ötən il Sinqapurda baş tutmuş birinci KXDR-ABŞ görüşünün ildönümü ərəfəsində Kim Çen Inın Birləşmiş Ştatlar liderinə yazdığı məktuba cavabdır. Donald Tramp KXDR liderindən aldığı məktubu "gözəl" və "çox isti" qiymətləndirmişdi.

Dünya 2019-06-23 12:37:00