Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İstanbulda Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə səsvermə keçirilir

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə səsvermə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq Baş Nazir və Türkiyə Böyük Millət Məclisinin əvvəlki sədri Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi, İstanbulun Bəylikdüzü bələdiyyəsinin əvvəlki sədri Əkrəm İmamoğlu arasında olacaq. Digər namizədlər Səadət Partiyasından Necdet Gökçınar və Vətən Partiyasından Mustafa İlker Yüceldir.
Türkiyə vaxtı ilə saat 08.00-dan 17.00-dək davam edəcək seçkilərdə 10 milyon 560 min 963 seçici növbəti 5 illik müddətə İstanbulun yeni bələdiyyə sədrini seçmək üçün səs verəcək. Seçkilərlə əlaqədar İstanbulun 39 rayonunda 62-si cəzaçəkmə müəssisələrində, 156-sı səyyar olmaqla 31 min 342 məntəqə yaradılıb.
Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə səsvermənin nəticələri AKP-nin ciddi qanun pozuntuları iddiası əsasında Türkiyə Ali Seçki Komissiyasının qərarı ilə ləğv olunub.

Dünya 2019-06-23 09:00:00