×
A
A
A
Sazlamalar

Gürcü politoloq: Gürcüstanda üçüncü qüvvəyə ehtiyac var

Tbilisi, 23 iyun, AZƏRTAC
İyunun 20-də Tbilisidə keçirilən kütləvi etiraz aksiyasının sərt şəkildə dağıdılması düzgün addım deyildi. Buna yol verilməməli idi. Gürcüstanda son hadisələr siyasi elitanın tam məsuliyyətsizliyini göstərdi. Ölkə siyasi baxımdan çıxılmaz vəziyyətdədir və cəmiyyətdə bədbin əhval-ruhiyyə hökm sürür.
Bu sözləri gürcü politoloq, “ART Qallery” televiziyasının yaradıcısı Tenqiz Txilava AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, Gürcüstanda böhran çoxdan yaranıb. Bunun səbəbi hökumətin qeyri-peşəkarlığıdır. Hakim komandanın üzvlərinin Abxaziyada döyüşdüyü iddia olunan rusiyalı deputatın parlamentdə spikerin kreslosunda əyləşməsinin razılaşdırılmadığını bildirərək özlərinə haqq qazandırmaları isə növbəti ağılsızlıqdır. Hamıya məlumdur ki, bu cür tədbirlərin proqramı və gündəliyi əvvəlcədən təsdiqlənir.
Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimalının az olduğunu vurğulayan politoloq deyib: “Lakin hakim Gürcü Arzusu Partiyasının reytinqi sürətlə aşağı düşür. Bəlkə də hakimiyyət bu reytinqin sıfıra yaxınlaşmasını gözləməyərək vəziyyətdən xilas olmaq üçün bir aydan sonra növbədənkənar parlament seçkilərinə gedəcək”.
T.Txilava vurğulayıb ki, Gürcüstanda müxalifət də nüfuzunu getdikcə itirir və üçüncü qüvvəyə ehtiyac duyulur. Ötəngünkü aksiya göstərdi ki, yeni nəsil artıq nə hakimiyyətə, nə də müxalifətə inanmır. Həmin gənclərdən üçüncü qüvvənin yetişməsi üçün isə zaman tələb olunur.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-06-23 01:02:00