×
A
A
A
Sazlamalar

“Hökumət buludu” mərkəzləşmiş, çevik, rahat və uzaqdan idarə oluna biləcək bulud texnologiyası layihəsidir

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərman ölkədə dövlət informasiya sistemlərinin idarəetmə proseslərini daha da optimallaşdıracaq, xərcləri azaldacaq

Bakı, 22 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
Ölkəmizin rəqəmsallaşma prosesi iqtisadiyyatın bütün istiqamətlərinə aiddir, bu, həm də dövlət qurumlarının rəqəmsallaşmasına dair məsələdir. “Hökumət buludu” layihəsi ilk dəfə olaraq Prezident İlham Əliyevin 2016-cı ilin 6 dekabr tarixli Fərmanında əks olunub. Bu, “Telekommunikasiya və informasiya texnologiyaların inkişafına dair Strateji Yol Xəritəsi”ndə konkret bir vəzifə kimi müvafiq dövlət qurumlarının qarşısında qoyulub. Artıq bir neçə ildən sonra hazırlıq prosesi yekunlaşaraq konseptual bir sənəd hazırlanıb və ölkəmizdə “Hökumət buludu”nun inkişafına dair Konsepsiya qəbul olunub.

Gələcəkdə bütün dövlət qurumlarının informasiya ehtiyatları vahid Data-Mərkəzə keçəcək

Prezident İlham Əliyev 2019-cu il iyunun 3-də “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalayıb. Bu, gələcəkdə ölkədə bütün dövlət qurumlarının informasiya ehtiyatlarının vahid Data-Mərkəzinə keçidi məsələsini həll etməyə şərait yaradacaq. Artıq bu proseslər məhz bulud texnologiyalarına əsaslanacaq. 

Ekspertlərin fikrincə, bu isə öz növbəsində, ölkədə dövlət informasiya sistemlərinin idarəetmə proseslərini daha da optimallaşdıracaq, dövlət xərclərini azaldacaq. Eyni zamanda, ümumi rəqəmsallaşmaya böyük təsir göstərəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) “AzLnTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyevin fikrincə, “Hökumət buludu” dünya praktikasında qəbul olunmuş bir layihədir. Bu gün istənilən qurumun IT infrastrukturu var (server otağı, məlumat bazası və sair). “Hökumət buludu” anlayışı mərkəzləşmiş şəkildə, çevik, rahat və müəyyən bir məsafədən idarə oluna biləcək bir bulud texnologiyası layihəsidir. Belə ki, dövlət qurumları artıq mərkəzləşmiş şəkildə məlumat informasiya sistemlərini bir məkanda yerləşdirə biləcəklər.

“Elektron Hökumət”in əsas fəaliyyət prinsipləri və əhəmiyyəti

Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron Hökumət”in (“e-Government”) formalaşdırılması hesab edilir. “Elektron Hökumət” müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.

Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən, vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron Hökumət” portalı tətbiq edilir.
Ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və ölkə başçısının “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında” Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanı və digər normativ hüquqi aktlarla onun fəaliyyəti üçün hüquqi baza yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, “Elektron Hökumət” portalı hazırlanaraq istifadəyə verilib. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.

İyunun 1-dən “myGov” portalı fəaliyyətə başlayıb

Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının təqdim olunub. “myGov” qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. 

Vətəndaşlar “myGov” portalı (www.my.gov.az) vasitəsilə dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcəklər.
“myGov” portalının məqsədi reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidi təmin etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir.

“Hökumət buludu” layihəsinin məqsədi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizovun sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə artıq “Elektron Hökumət” inkişafı müəyyən bir mərhələyə çatdıqdan sonra “Hökumət buludu” layihəsinə başlayır. Bu, optimallaşma və xərclərin azalması ilə bərabər bir neçə digər məqsədlər daşıyır. Ümumi daxili məhsula da (ÜDM) təsir edir. Misal üçün, Avropa Komissiyasının hesablamalarına əsasən, Avropada məhz bu “Hökumət buludu”nun tətbiqi 250 milyard avro dəyərində ÜDM-ə müsbət təsir göstərəcək. ABŞ-da isə “Hökumət buludu” layihəsi fəaliyyətə başlayandan sonra 800-dək müstəqil Data-Mərkəz öz işini dayandırıb və bütün informasiya sistemləri məhz bir vahid Data-Mərkəzə keçirilib. Bu isə öz növbəsində, bütün xərclərin 25 faiz azalmasına səbəb olub. 

“Belə təcrübə göstərir ki, artıq bu layihə gündəmdə olmalıdır. Ölkədə elektron hökumətin inkişafı elə səviyyəyə gəlib çatıb ki, biz yeni bir addım atmalıyıq. Bu isə “Hökumət buludu”nun yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlərə dair Fərmanda öz əksini tapıb. Hazırda “Elektron Hökumət” portalı çox yüksək səviyyədə fəaliyyət göstərir, onun vasitəsilə bütün dövlət qurumları artıq elektron xidmətlərini tam rəqəmsal şəkildə həyata keçirir. Eyni zamanda, artıq rəqəmsal hökumətə keçid planı təsdiq olunub. Bu rəqəmsal hökumətə keçid etmək üçün artıq “Hökumət buludu” imkan yaradacaq ki, bütün informasiya sistemləri yeni bir standartlara uyğun olaraq həyata keçirilsin – eləcə də bulud hesablamalar texnologiyaları əsasında. Çünki bu yeni trendləri gündəmə gətirəcək - iri məlumatların toplanması, iri məlumatların emalı nəticəsində süni intellektdən istifadə edərək yeni layihələrin həyata keçirilməsinə səbəb olacaq”,- deyə o bildirib.
Qeyd edib ki, Estoniya, Sinqapur və bir sıra digər dövlətlər bu yoldan keçib. Proseslər artıq icra olunur. Bu daima aparılacaq bir prosesdir və zamanın tələbidir. Çox vacib bir məsələdir ki, artıq bizim ölkədə də bu prosesə başlanılır. Üç ay ərzində keçid planı qəbul olunacaq. “Hökumət buludu” elektron xidmətlərin yeni mərhələyə çıxmasına imkan yaradır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gələcəkdə operator rolunda çıxış edəcək.

Azərbaycanın ilk “Tier III” səviyyəli regional Data-Mərkəzi

Ölkəmizdə mövcud Data-Mərkəzi Azərbaycan və Cənubi Qafqaz regionunda “Tier III” səviyyəli, ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk Data-Mərkəzidir. Data-Mərkəz 2016-cı ilin dekabrında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzInTelecom” MMC tərəfindən istismara verilib.

Hazırda Azərbaycanın ilk “Tier III” səviyyəli regional Data-Mərkəzi (Məlumatların Emalı və Saxlanılması Mərkəzi - MESM) inşa edilir. Cari il oktyabrın 10-dək istismara verilməsi gözlənilən Yevlaxdakı Data-Mərkəz Bakıda mövcud əsas Data-Mərkəzin coğrafi ehtiyat mərkəzidir. Data-Mərkəz hər hansı fövqəladə hallar zamanı məlumatların əldə olunmasının, itməməsinin və əlçatanlığının təmin edilməsi üçün Bakıdan 300 kilometr məsafədə, Yevlaxda qurulur.
Data-mərkəzlərin sertifikatlaşdırılması sahəsində ixtisaslaşan ABŞ-ın “Uptime” İnstitutunun mütəxəssisləri avqustun 24-dən sertifikatlaşdırma mərhələsinə başlayacaq və bu proses təxminən bir həftə davam edəcək. Hazırda mövcud Data-Mərkəz 99,98 faiz etibarlılıq səviyyəsinə malikdir. İl ərzində onun dayanma vaxtı 1,6 saat mövcud ola bilər. İnformasiya təhlükəsizliyi və məlumatların idarə olunması baxımından ISO20000 və ISO270001 standartlar tətbiq olunur.
Nazirliyin şöbə müdiri R.Əzizovun fikrincə, fiziki təhlükəsizlik baxımında “Hökumət buludu” layihəsi çərçivəsində istifadə olunacaq Data-Mərkəz Nazirlər Kabinetinin qərarı ilə strateji əhəmiyyətli binalar sırasına daxildir. Kibertəhlükəsizlik tərəfindən isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən standartlar tətbiq olunacaq. İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik amilləri “Hökumət bulud” Data-Mərkəzdə ən yüksək səviyyədə qorunması təmin ediləcək.
“Hazırda ölkədə Kibertəhlükəsizlik Strategiyası” hazırlanır. Eyni zamanda, “İnformasiya təhlükəsizliyi Strategiyası” da hazırlanır. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron təhlükəsizlik xidməti fəaliyyət göstərir. Bu proseslər göstərir ki, kibertəhlükəsizlik istiqamətində vacib tədbirlər görülməlidir, standartlar eyni olmalıdır. Artıq bir neçə dövlət qurumu “Hökumət buludu” layihəsinə qoşulub. “Hökumət buludu” layihəsinə keçid dövlət qurumlarını IT infrastrukturunun yaradılmasına istiqamətlənən xərclərdən azad edəcək. Əməliyyat xərcləri də azalacaq, onlara gələcəkdə 30-40 faiz qənaət olunacaq”, - deyə nazirliyin nümayəndəsi qeyd edib.
Bütün bunlar göstərir ki, vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq və dövlət xidmətlərinin əlçatanlığını artırmaq üçün rəqəmsal texnologiyadan geniş istifadə üçün ölkəmizdə hər cür şərait yaradılır.

İKT 2019-06-22 13:09:00