×
A
A
A
Sazlamalar

İsveç alimləri havanın çirklənmə dərəcəsinin ölçülməsi üçün portativ ötürücü icad ediblər

Stokholm, 22 iyun, AZƏRTAC 

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, havanın çirklənməsi təkcə Avropada ildə 550 min nəfərin vaxtsız ölümünə səbəb olur. Bütün dünya üzrə bu göstərici 7 milyona çatır. Lakin havanın çirklənmə dərəcəsini ölçmək asan olmaya bilər, çünki ölçmələrin aparıldığı avadanlıq böyük və bahalıdır. Ancaq İsveçin Çalmers Texniki Universitetində işlənib hazırlanan, adi küçə fənərinə quraşdırıla biləcək kiçik optik nanoötürücü sayəsində bu vəziyyət dəyişə bilər.
AZƏRTAC bu barədə Çalmers Texniki Universitetinin yaydığı xüsusi məlumata istinadla xəbər verir. Azot dioksidini yüksək dəqiqliklə ölçən kiçik ötürücülərin işlənib hazırlanmasında iştirak edən Çalmers Universitetindən olan tədqiqatçı İrem Taneli deyib: “Havanın çirklənməsi səhiyyənin qlobal problemidir. Ətraf mühitə dair biliklərin genişləndirilməsinə və ətraf mühitin yaxşılaşdırılmasına töhfə verməyi bacarmaq əla işdir. Bu kiçik portativ ötürücülərin köməyi ilə təhlükəli tullantıların olduqca dəqiq ölçülməsi prosesini sadələşdirmək və ucuz əldə etmək mümkündür”.
Havanın azot dioksidi ilə çirklənməsinin əsas mənbəyi nəqliyyatın hərəkəti nəticəsində yaranan işlənmiş qazlardır. Azot dioksidini udmaq orqanizmimiz üçün zərərlidir. Bu, hətta ən aşağı səviyyədə belə bizim tənəffüs sistemimizə ziyan vurur və ürək-damar xəstəliklərinə gətirib çıxarır.
Bununla yanaşı, İsveç alimlərinin ixtiralarının əhəmiyyətini dəyərləndirmək çətindir, çünki yeni optik nanoötürücü azot dioksidinin hətta ən aşağı qatılığını da – milyardda bir dəqiqliklə müəyyən edə bilir. Ölçmə texnikası plazmon adlandırılan optik hadisə üzərində qurulub. Metal nanohissəciklər işıqlandırıldıqda və dalğaların müəyyən uzunluğunun işığını udduğu zaman bu hadisə baş verir. Tədqiqatçılar son iki il ərzində sensor materialının optimallaşdırılması və ətraf mühitin müxtəlif şəraitində təcrübələrin aparılması üzərində işləyiblər. Hazırda aparat İsveçin Höteborq şəhərində, “Leading Light” işıqlandırılma şirkəti ilə əməkdaşlıq çərçivəsində şəhər mühitində azot dioksidi molekullarının miqdarının ölçülməsi üçün küçə işıqlandırılmasında quraşdırılıb. Ötürücü, həmçinin Höteborqda, Skandinaviyanın ən iri ticarət mərkəzi olan “Nordstan”ın damında quraşdırılıb. Bu yaxınlarda daha biri yenə də Höteborqda, iri dəmir yolu tunelinin tikintisi layihəsinin marşrutu boyunca quraşdırılacaq.
Yeni texnologiyalar artıq bir neçə təşkilatda, o cümlədən Böyük Britaniyanın Şeffild Universitetinin nəzdindəki havanın keyfiyyəti mərkəzində maraq doğurub. Onlar çöl sınaqları aparacaq, nanosensorların nəticələrini Britaniyanın bir sıra istinad stansiyalarının göstəriciləri ilə müqayisə edəcəklər. Şeffild Universiteti nəzdindəki “Urban Flows Observatory”nin professoru Martin Meyfild deyib: “Bazarda kiçik funksional azot dioksidi ötürücüsü çatışmır. Biz bu nanoplazmon həllini maraqlı hesab edirik və sınaqların nəticəsini səbirsizliklə gözləyirik”. Digər maraqlı tərəflər avtomobil təmiri məntəqələri və nəqliyyat vasitələrinin təftişi ilə məşğul olan şirkətlər üçün qaz və tüstü analizatorları istehsal edən “Stenhøj Sverige” şirkəti və “IVL” İsveç Ekoloji Tədqiqatlar İnstitutudur.
Qeyd edək ki, yeni sensor texnologiyasının imkanları təkcə azot dioksidinin ölçülməsi ilə məhdudlaşmır, onu digər qaz növlərinə də uyğunlaşdırmaq olar. Bu səbəbdən bundan sonrakı innovasiyalar üçün potensial mövcuddur. Alimlər ümid edirlər ki, gələcəkdə bu texnologiya böyük şəhərlərin svetofor və ya sürət nəzarəti kameraları kimi şəhər infrastrukturuna inteqrasiya ediləcək. Bu da şəhərlərdə havanın çirklənmə dərəcəsinin aşağı salınmasına kömək olacaq.


Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Dünya 2019-06-22 10:40:00