Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tbilisidə keçirilən aksiyada 31 jurnalist yaralanıb

Tbilisi, 21 iyun, AZƏRTAC

İyunun 20-də Tbilisinin mərkəzində keçirilmiş aksiya zamanı 31 jurnalist ciddi xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Jurnalist Etikası Xartiyası məlumat yayıb. Məlumatda deyilir ki, aksiya zamanı ümumilikdə 80-i polis əməkdaşı olmaqla, 240 nəfər yaralanıb. Civil.ge saytının fotomüxbiri Quram Muradov kürəyindən 11 rezin güllə yarası alıb. “Rustavi 2” televiziya kanalının müxbiri Tamar Baqaşvilinin çiyin sümüyü sınıb. Həmin telekanalın mühafizəçisi Georgi Sulaşvilinin çənəsi sınıb və o, bir gözünü itirib.
Aksiya zamanı “Rustavi 2” telekanalının 7, “TV Pirveli” kanalının 6 əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəsarət alanlar sırasında “Reuters”, “Azadlıq radiosu” və digər beynəlxalq agentliklərin əməkdaşları da var.
Xartiya Daxili İşlər Nazirliyinə müraciət edərək hər bir faktın ayrıca araşdırılmasını tələb edib.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-06-21 19:33:00