×
A
A
A
Sazlamalar

Tramp İrana zərbə endirmək barədə əmr verməyə hazırlaşdığını etiraf edib

Bakı, 21 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İrana zərbə endirmək barədə əmr verməyə hazırlaşdığını, lakin son anda qərarını dəyişdiyini etiraf edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb: “Ötən gecə biz üç müxtəlif obyektə zərbə vurmağa tam hazır idik, lakin mən nə qədər insanın həlak ola biləcəyini soruşdum. General cavab verdi ki, 150 nəfər. Zərbəyə 10 dəqiqə qalmış mən onu dayandırdım”.
Dövlət başçısının sözlərinə görə, belə bir cavab proporsional olmazdı.
Donald Tramp, həmçinin ABŞ Silahlı Qüvvələrinin böyük fərqlə dünyada birinci olduğunu, lakin tələsmədiklərini vurğulayıb.
“Dünən İrana qarşı sanksiyalara yeniləri əlavə edilib. Onlar heç vaxt ABŞ-a və dünyaya qarşı nüvə silahı əldə edə bilməyəcəklər” – deyə Tramp əlavə edib.
Amerika prezidenti hansı məhdudiyyətlərdən söhbət getdiyini açıqlamayıb. ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti iyunun 20-də və 21-də yeni sanksiyalar elan etməyib.
Xatırladaq ki, iyunun 13-də Oman körfəzində “Front Altair” və “Kokuka Courageous” neft tankerlərinə hücumdan sonra Vaşinqton və Tehran arasında onsuz da mürəkkəb olan münasibətlər daha da gərginləşib. ABŞ insidentlə bağlı İranı ittiham edib.
İran tərəfi isə öz növbəsində ittihamları əsassız sayıb və hadisədən özlərinin də narahatlıq keçirdiyini bildirib. Eyni zamanda, rəsmi Tehran xəbərdarlıq edib ki, əgər hücum edilərsə, bunun “regional və beynəlxalq” nəticələri olacaq.
İyunun 20-də İran hərbçiləri Amerikanın “Global Hawk” tipli pilotsuz təyyarəsini vurduqdan sonra vəziyyət daha da kəskinləşib.
Beynəlxalq ictimaiyyət tərəfləri dözümlü olmağa və gərginliyi aradan qaldırmağa çağırır.

Dünya 2019-06-21 19:01:00